«EXIT-POLL» KARTI AÇILDI

22. «EXIT-POLL» KARTI AÇILDI

«2005-ci ilin iyununda «Renalssance Associates» Azərbaycanda noyabr ayında keçirilən parlament seçkilərində «exit-poll» təşkil etməklə bağlı bizim ikimizə müraciət etdi. Biz tezliklə öyrəndik ki, Azərbaycanda keçirilmiş son iki seçki kütləvi şəkildə saxtalaşdırılıb. Bu seçkilərdə Azərbaycan hökumətinin elan olunmuş hədəfi şəffaflıq və nəticələrin beynəlxalq səviyyədə qəbul edilməsi idi. Ən yüksək dairələr bildirib ki, «exit-poll» azad və ədalətli seçkinin keçirildiyinə zəmanət vermək üçğn keçirilməlidir». Bu cümlələr Uorren Mitofski və Co Lenskinin Azərbaycanda keçirdiyi «exit-poll»a dair təəssüratlarından bəhs edən birgə məqalənin giriş hissəsindəndir. Bu həmin Mitofskidir ki, seçkidən öncə, «exit-poll» məsələsi gündəmə gəldikdə, qaranlıq mənbələr tərəfindən Azərbaycana çağrılmış və onun keçirəcəyi «exit-poll»un hakimiyyətə xidmət edəcəyinə dair şübhələr yaranmışdı. Əldə olan faktlar Mitofskinin Azərbaycan hakimiyyətindən küllü miqdarda rüşvət alıb, MSK-nın saxta «nəticələrini» leqallaşdıracağını deməyə əsas verirdi. Hərçərnd ki, U.Mitofskinin nüfuzlu, təcrübəli və «exit-poll» sahəsindəki uğurlar prosesin heç də qeyd olunan sxem üzrə getmədiyini göstərirdi.

U.Mitofski və C.Lenskinin keçirdiyi «exit-poll» və təəssüratlara dair öz təşkilatlarının rəsmi Internet saytında dərc etdikləri bu məqalə onun öz prinsiplərinə sadiq qaldığını göstərir. Mitofski məqalədə açıq şəkildə bildirir ki, o, Bakıda aldadılıb və onun təşkilatının adına yazılmış nəticələr saxtalaşdırılıb. (Xatırlayırsınızsa, seçki başa çatdıqdan dərhal sonra Azərbaycan hakimiyyəti «Mitofskinin «exit-poll»u da bizim nəticələri təsdiqləyir» deyə bar-bar bağırırdı.) Amma tələsmək lazım deyilmiş. Mitofski son çıxışı ilə sübut edir ki, bu heç də onun təşkilatının nəticələri deyil.

Görün, hadisə necə baş verib: «Iyul ayında Azərbaycana səfər edərkən, bizi əmin etdilər ki, sponsorların yeganə istəyi ədalətli nəticə ilə bağlı malik olduğumuz reputasiyadır. Bəli, elə onların əldə etdiyi də budur. Amma biz indi bilmirik ki, bunu deyəndə onlar nəyi nəzərdə tuturmuşlar.

Ukrayna, Gürcüstan və Qırğızıstandakı son seçkilər səslərin saxta yolla hesablanmasının «exit-poll» tərəfindən aşkarlanması ilə rejim dəyişikliyinə gətirib çıxardı. Keçən il Ukraynada keçirilən prezident seçkilərində nə hakim partiyanın namizədi baş nazir Viktor Yanukoviç, nə də onun əsas rəqibi olan Viktor Yuşşenko səsvermənin birinci raundunda lazım olan çoxluğu əldə edə bildilər. Yanukoviç əvvəlcə qələbə qazandığını iddia etsə də, sonradan etiraz aksiyası ilə bunu demədi. ABŞ və Avropa Birliyindən olan müşahidəçilər bir çox saxtakarlıq faktları ortaya çıxardı. Qərbin maliyyələşdirdiyi «exit-poll»ar isə Yuşşenkonun qələbə qazandığını göstərdi. Bizim şəxsi təhlillərimizə görə, həmin «exit-pll»arın nəticələri yetərincə düzgün deyil. Lakin bu başqa bir məsələdir.

Paytaxt Kiyevdə bundan sonra uzunmüddətli aksiyalar başlandı və nəticədə Yuşşenko prezident seçildi».

Mitofski və onun yaratdığı «Edison Media Research» təşkilatının vitse-prezidenti Co Lenski hesab edir ki, Ukrayna və Gürcüstanda baş vermiş hadisələr «exit-poll»arın maliyyələşdirilməsi məsələsində Azərbaycandakı vəziyyətə də böyük təsir göstərib: «Dövlət Departamentinin qolu olan ABŞ-ın Beynəlxalq Inkişaf Agentliyi 65 dairədə keçirilən «exit-poll»u maliyyələşdirmişdir. Regional Inkişaf Mərkəzi isə «Saar Poll»un keçirdiyi «exit-poll»u maliyyələşdirdi. Bildiyimizə görə, bizi maliyyələşdirənlər, həmin «Saar Poll»u da maliyyələşdirib. Eyni zamanda, bizim müşahidələrimizin nəyə görə iki «exit-poll» keçirmək istədiyi də maraqlıdır. Lakin bunun səbəbi seçkidən sonra aydınlaşdı. Biz fikirləşirdik ki, 125 dairənin hamısında «exit-poll» keçirən yalnız bizik. Amma «Saar Poll» da bütün dairələrdə «exit-poll» keçirdiyini iddia etdi.

Maraqlıdır, bəs niyə «exit-poll»? Cavab NEFTdir. Azərbaycan Xəzərin sahilində yerləşən neftlə zəngin ölkədir. Bu neftə maraq çox böyükdür və neft Azərbaycan hökumətini stabil, Qərbə yaxın edir. Əfqanıstan və Iraqda yaxın strateji əhəmiyyətli ərazidə yerləşən Azərbaycan ABŞ hərbi bazalarına da dostcasınadır. Bizim indiyədək gördüklərimizə əsasən, «exit-poll»ardan hakim partiyaların seçkini saxtalaşdıracağı gözlənildiyi vaxtda, nəticələrin legitimliyini rədd etmək üçün istifadə edilir. Bu metoddan, eyni zamanda azad seçkinin nəticələrini qəbul etdirmək üçün də yararlanılır…

Bizim müşahidələrimizin məqsədi də Azərbaycan hökumətinin keçirdiyi seçkinin nəticələrini inandırıcı göstərmək idi. Biz keçirdiyimiz «exit-poll»u maliyyələşdirənlərlə ilk dəfə Bakıda iyul ayında görüşmüşdük. Onlar özlərini demokratiyada maraqlı kimi göstərirdilər və öz məqsədlərinə nail olmaq üçün başqa QHT ilə də işlədilər. Biz «exit-poll» keçirməyə bir şərtlə razılaşdıq ki, nəticələri seçkidən dərhal sonra mətbuatda, onlar yox, biz açıqlayacağıq. Onlar bunu vəd etdilər. Lakin sonda buna əməl etmədilər».

Göründüyü kimi, Mitofski elan olunmuş nəticələrin onun nəticələri olmadığını bildirir. O, eyni zamanda, Azərbaycandakı tətrəfdaşı olan Vətəndaş Cəmiyyətinin Inkişafına Yardım Assosiasiyasının onun «başına gətirdiyi oyunlar»dan da danışır: «Bizi maliyyələşdirən «Renaissance Associates» Isveç şirkəti olsa da, onu bir bolqar idarə edir. Bəli, bizim pulun mənbəyinə dair şübhələrimiz var idi. Düşünürdük ki, pul hansısa hökumətdən gəlir. Lakin hansı hökumətdən gəldiyi qeyri-dəqiq idi. Buna baxmayaraq, Bakıdakı hökumətin olduğu açıq böyük ehtimal idi. Fikirləşdik ki, əgər biz öz işimizi qərəzsiz aparsaq və seçki gününə qədər heç bir təsirlə üzləşməsək, bunun elə bir fərqi yoxdur. Amma elə ki, seçki məntəqələri bağlandı və nəticələri elan etməyin vaxtı çatdı, məsələ başqa cür oldu».

Nəzərinizə çatdıraq ki, Mitofskinin Azərbaycandakı «podratçıları» Vətəndaş Cəmiyyətinin Inkişafına Yardım Assosiasiyası, Sosioloji Araşdırma və Sosial-Iqtisadi Proqnozlar Mərkəzi idi. Birinci 90 məntəqədə sorğu yolu ilə Mitofskinin çətiri altında «exit-poll» keçirib. Mitofski birinci təşkilatın onun müştərisi üçün işlədiyini bildirir. O, sonradan nəticələrdə saxtakarlıqlara yol verilə biləcəyini düşünərək, bu üç təşkilatın işinə nəzarət üçün Sosial və Marketinq Araşdırmalar Mərkəzini də özünə tərəfdaş seçir. Bu mərkəzin işi yalnız digərlərinin işinə nəzarət etmək olur. Elə hər şey də buradan başlayır: «Bütün seçki günü ərzində Sosial və Marketinq Araşdırmaları Mərkəzindən məlumatlar aldıq və bu yolla aparılan «exit-poll»dakı problemləri ortaya çıxara bildik. Seçki günü Sosial və Marketinq Araşdırmaları Mərkəzinin nəzarətçilərinin sorğu aparanlarla bağlı danışdıqları Vətəndaş Cəmiyyətinin Inkişafına Yardım Assosiasiyasının bizim üçün gördüyü işlə bağlı narahatlığımızın başlanğıcı idi. Biz nəzarətçilərdən başqa, intervyuçülərdənsə tamamilə başqa məlumatlar alırdıq».

Mitofski Vətəndaş Cəmiyyətinin Inkişafına Yardım Assosiasiyası ilə başqa problemlərin ortaya çıxdığından da danışır və bildirir ki, sorğu əvvəlcədən nəzarətdə tutulduğu şəkildə aparılmayıb: «Seçki qutuları bağlandıqdan sonra, sponsorumuz nəticələrin dərc edilməsindən öncə cədvəlləri görmək istədi. Onlar nəticələrin dairələr üzrə dərc edilməsilə razılaşmadılar. Bizə bildirdilər ki, «şəxsi» söhbət edib, sonra qərar verəcəklər və bu söhbətdə biz olmadıq. Kiminlə söhbətləşdiklərini də bizə demədilər, sonra geri qayıtdılar və bizə dedilərki, həmin gecə nəticələrin dairələr üzrə dərc eilməsi sivil çaxnaşma ilə nəticələnə bilər».

Göründüyü kimi, Mitofski açıq şəkildə bəyan edir ki, hakimiyyətin onun adından dərc etdirdiyi nəticələr, heç də bu təşkilatın «exit-poll»unun nəticələrini əks etdirmir. O, «exit-poll»un real nəticələrinə görə, YAP-ın seçkidə 32 mandat qazandığını bildirir: «Bizim üçün naməlum qalan isə, nəyə

 görə «exit-poll» keçirmək üçün icarəyə götürülməyimiz idi. Düşünürdük ki, Azərbaycanda seçkilər azad və ədalətli keçəcək. Əks təqdirdə, bizim mübahisəli seçkini aşkarlayacağımızı bilib, heç kim bizlə işləməzdi. Bizimlə işləmək istəyənlər seçkinin ədalətli olmasını düşünməli idilər. Biz buna inanmaq istərdik». («Bakı-Xəbər», 22.11.2005-ci il)

 24.AŞ PA AZƏRBAYCANDAKI SEÇKILƏRI «PIS» VƏ YA «ÇOX PIS» ADLANDIRDI
Azərbaycanda 6 noyabr 2005-ci il parlament seçkiləri Avropa Şurasının demokratik seçkilər üzrə öhdəlik və standartlarına cavab verməmişdir. Seçkiqabağı dövrdə, məsələn, seçicilərin qeydiyyatı ilə bağlı açıq-aydın çatışmazlıqlar olmuş, əsas hüquq olan toplaşmaq azadlığına davamlı məhdudiyyətlərin qoyulması seçki kampaniyası dövrünə xələl gətirmişdir. Seçki günündə səslərin hesablanması zamanı, proseslərin idarə olunması, xüsusən səsvermə protokolları tərtib olunarkən əhəmiyyətli dərəcədə pisləşmişdir. Beynəlxalq müşahidəçilərin qiymətləndirməsinə görə, bütün halların 43%-ində səslərin hesablanması prosesi elan olunmuş nəticələrin düzgünlüyünə olan inama xələl gətirəcək dərəcədə pis və ya çox pis olmuşdur. Yekun protokollarının dəyişdirilməsi cəhdləri seçki məntəqələrinin 15%-ində müşahidə edilmiş, bütün halların digər 15%-ində isə yekun protokollar karandaşla doldurulmuşdur. Üstəlik, müşahidəçilər və partiya təmsilçiləri seçki məntəqələrinin 17%-ində təhdid edilmiş və səslərin hesablanmasının müşahidə edilmiş bütün hallarının 14%-ində səslərin hesablanması prosesi səlahiyyətsiz şəxslər tərəfindən idarə olunmuşdur. Bundan əlavə, baş çəkilmiş dairə seçki məntəqələrinin 31%-ində dairə səviyyəsində protokolların tərtib edilməsinə verilən qiymət «pis» və ya «çox pis» olmuşdur.

ATƏT DTIHB-nin sözcüsü Urdor Gunnarsdottir «Azadlıq» radiosuna müsahibəsində deyib ki, yekun hesabatdakı rəy parlament serçkisindən bir gün sonra verilən Beynəlxalq Müşahidə Missiyasının ilkin rəyilə üst-üstə düşür: «Ilkin rəy beləydi ki, parlament seçkisi ATƏT-in bir sıra standartlarına uyğun gəlməyib. Bu hesabatda seçki sonrası hadisələr təhlil olunur. Fikrimizcə, seçkidən sonra vəziyyət yaxşılaşmayıb».

 25.SEÇKILƏRLƏ BAĞLI RƏYLƏR

Seçkinin səhəri günü, 7 noyabr 2005-ci ildə axşam Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel ANS telekanalına açıqlama verdilər. A.Qross parlament seçkilərini Avropa standartlarına uyğun həsab etmir, Telekanala açıqlamasında o, 2006-cı ilin yanvarında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin mandatının dondurulması məsələsinə baxıla biləcəyini deyib: «Azərbaycanda keçirilən seçkilər Avropa standartlarına uyğun deyil. Mən bir neçə məntəqədə seçki prosesini izlədim və orada heç bir saxtalaşdırma olmadı. Bu, onu göstərir ki, cəmiyyət düzgün seçkilər keçirməyə hazırdır. Amma hakimiyyətdə olan qüvvələr bunu istəmir».

Bu qurumun digər həmməruzəçisi A.Herkel ATƏT-in ilkin rəyində seçki məntəqələrinin 43 faizində səslərin hesablanması prosesinin pis» və ya çox pis kimi qiymətləndirilməsindən şok vəziyyətinə düşdüyünü söyləyib: «Mən şok içindəyəm. Belə olan halda, ümumiyyətlə, seçkilərin nəticələri sual altına alına bilər. Bəlkə də bütün dairələrdə yox, amma mən hesab edirəm ki, bir sıra dairələrdə bu məsələyə baxılmalıdır. Ola bilsin ki, seçkilərin nəticələri ləğv edilsin».

8 noyabr 2005-ci ildə isə Andreas Qross və Andres Herkel «Azadlıq», «Gün səhər» və «Zerkalo» «Mən şok içindəyəm. Belə olan halda, ümumiyyətlə, seçkilərin nəticələri sual altına alına bilər. Bəlkə də bütün dairələrdə yox, amma mən hesab edirəm ki, bir sıra dairələrdə bu məsələyə baxılmalıdır. Ola bilsin ki, seçkilərin nəticələri ləğv edilsin». qəzetlərinə birgə müsahibə veriblər. Andres Herkel deyib: «Problem təkcə onda deyil ki, müxalif qüvvələr seçkinin nəticələrini tanımır. Biz bu gün Azərbaycandakı seçkiləri izləmiş beynəlxalq təşkilatların mətbuat konfransında olduq. Orada qeyd olundu ki, seçki məntəqələrinin 40 faizindən də çoxunda səsvermənin hesablanması prosesi pis və ya çox pis həyata keçirilib. Bu, səsvermə gününə qədər olanlara gəlincə, deyə bilərəm ki, xoşagəlməz atmosfer var idi. Bir çox namizədlər seçkiyə bir neçə gün qalmış namizədliklərini geri götürməyə məcbur oldular. Və ya məhkəmənin qərarı ilə onların namizədliyi ləğv olundu. Tam əminliklə deyə bilərəm ki, bütün ölkədəki seçkilərin nəticələri tanınmamalıdır. Amma hesab edirəm ki, bir sıra dairələrdə həqiqətən nəticələr tanınmamalıdır və təkrar seçki keçirilməlidir. Bununla əlaqədar əvvəlcə müəyyən prosedur keçirilməlidir, şikayətlər ciddi araşdırılmalıdır.»

Andreas Qross deyib: «Mən başa düşdüm ki, ölkənin həm daxilində, həm də xaricində çoxları seçkinin legitimliyini şübhə altına alacaq. Biz hələ AŞ PA-nın iyun sessiyasında bildirmişdik ki, təşkilatın üzvü olan hər hansı ölkədə parlament seçkiləri keçirilirsə, mandatın təsdiqlənməsi üçün Parlament Assambleyası həmin ölkədəki seçkilərin nəticələrini tanımalıdır. Bunun üçün də müəyyən araşdırma aparılmalıdır. Əlbəttə, Azərbaycanla bağlı məsələdə də araşdırma aparılacaq. Amma mən hesab etmirəm ki, sadəcə, iki həftədən sonra təkrar seçki keçirilməsinin müsbət tərəfləri ola bilər. Çünki belədə heç nə dəyişmir, seçkilər elə əvvəlki qaydada keçiriləcək. Ona görə də biz Azərbaycandakı seçkilərin daha dərin problemlərini araşdırıb tapmalıyıq. Bu baxımdan hesab edirəm ki, pozuntularla bağlı bütün şikayətlər diqqətlə araşdırılmalıdır. Bununla MSK, eləcə də ATƏT-in Müşahidə Missiyası məşğul olacaq. Avropa Şurası da Azərbaycana seçkisonrası missiyanı göndərəcək. Bu missiya şikayətlərin araşdırılması ilə məşğul olacaq. Azərbaycanın Seçki Məcəlləsində təkrar seçki keçirilməsilə bağlı müəyyən müddəalar var.»

 «Azadlıq» radiosu «Röyter» agentliyinə istinadən məlumat yayıb. Məlumatda deyilir: «ABŞ Dövlət Departamenti Azərbaycanda ötən bazar keçirilən seçkilərdə pozuntular olduğunu bəyan edib. Departamentdən həmçinin bildirilib ki, demokratik prinsiplərə riayet Amerika üçün mühümdür və bu, ikitərəfli münasibətlərə təsir göstərir: «Qarşılıqlı əlaqələrin möhkəmliyi ölkədə aparılan demokratik, siyasi islahatlardan asılı olacaq». «Assoşeyted Press» agentliyi isə Dövlət Departamentinin sözcüsü Adam Erelidən sitat gətirib. Ereli deyib: «6 noyabr seçkilərində pozuntu və saxtakarlıqlar olub. Bu, bizi narahat edir». Onun sözlərinə görə, Azərbaycan hökuməti pozuntu və saxtakarlıqları qanunlara uyğun şəkildə və təcili araşdırmalıdır. Cənab Ereli onu da əlavə edib ki, ABŞ bütün etirazların və nümayişlərin dinc olmasını arzulayır.

Seçkiöncəsi «Hesab edirəm ki, seçkilərdə çox böyük irəliləyişlər olacaq…» deyən ABŞ səfiri Rino Harniş, seçkidən sonra «Azadlıq» və «Zerkalo» qəzetlərinə müsahibə verib və səfir 2005-ci ildə ən məyusedici hadisə kimi parlament seçkilərini göstərib.

ABŞ Milli Demokratiya Institutunun (MDI) direktoru Madlen Olbrayt «Azadlıq» bloku təsisçilərinin və Milli Birlik Hərəkatının lideri Lalə Şövkətin Azərbaycanda keçirilmiş parlament seçkilərində yol verilmiş qanun pozğunluqları ilə bağlı ona yazdıqları məktuba cavab göndərib. APA-nın verdiyi məlumata görə M.Olbrayt məktubda seçkidə baş vermiş qanun pozuntularını özündə ehtiva edən beynəlxalq təşkilatların hesabatlarına önəm verdiyini bildirib: «Müxalifətin narazılıqları dinc yolla ifadə etməyə çalışmasından məmnunam. Qarşılaşdığınız çəlinliklərə baxmayaraq, sizi ölkənin siyasi proseslərində konstruktiv fəaliyyətinizi davam etdirməyə çağırıram».

ATƏT DTIHB və Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası (RF MSK) ilə birgə seçkilərin müşahidəsi üzrə mütəxəssislərin 22-23 noyabr 2005-ci ildə Moskvada görüşü keçirilib. Görüşdə ATƏT üzvü olan dövlətlərin dövlət və qeyri-hökumət təşkilatlarının, eləcə də Avropa Şurası, Avropa Birliyi və Avropa Parlamentinin nümayəndələri iştirak ediblər. Tədbirdə seçki prosesində müşahidəçilik prinsipləri və metodologiyası, seçkilərdə ATƏT, AŞ-sı, MDB və yerli QHT-lərin fəaliyyət formaları müzakirə edilib. MDB müşahidəçilərinə Azərbaycanda etimad olmadığı vurğulanıb, bunun səbəbi kimi bu müşahidəçilərin seçki şəraitinə obyektiv qiymət verməmələrini və fəaliyyətlərinin şəffaf olmadığını göstəriblər. Xəbərdə həmçinin Türkiyə, Iran müşahidəçilərinin və Bolqarıstandan olan bəzi müşahidəçilərin parlament seçkilərilə bağlı verdikləri açıqlamaların BMT və digər beynəlxalq qurumların qəbul etdikləri Müşahidəçilik Prinsipləri haqqında bəyannamə ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdırıblar.

Azərbaycanda keçirilən parlament seçkilərilə bağlı Beynəlxalq Böhran Qrupunun hesabatı isə kifayət qəqdər sərtdir. «Azərbaycanın 2005-ci il parlament seçkiləri: itirilmiş imkan» adlı həmin hesabat Amerika və Avropanın hökumət dairələrinə catdırılıb. Bu barədə təşkilatın Qafqaz üzrə layihə rəhbəri Sabina Freyzer 23 noyabr 2005-ci ildə keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Beynəlxalq Böhran qrupu Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyəti iki ildən artıq müddətdə yaxından izləyir. Bu baxımdan hesabatda əsas yer seçkilərə verilsə də, Ilham Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə baş verən siyasi dəyişikliklərin təhlili də öz əksini tapıb. «Hesabatda 2003-cü ildən bəri ölkədə keçirilən bütün seçkilər, o cümlədən son prezident, bələdiyyə və parlament seçkiləri təhlil olunub. Hər üç seçkidə kifayət qədər saxtakarlıqlar olub. Təəssüf ki, saxtakarlıqda əli olanlar cinayət məsuliyyətinə cəlb edilməyib. Seçki prosesinə birbaşa müdaxilə edən seçki komissiyalarının üzvləri və icra hakimiyyəti nümayəndələrinin barəsində heç bir tədbir görülməyib. Bu da onu göstərir ki, bütün qanunsuzluqlara yaşıl işıq yandırılıb və bu səbəbdən də heç bir kəskin tədbir görülmür», - deyə Sabina Freyzer bildirib.

Freyzer Qərb diplomatlarını da tənqid edib: «Təəssüf ki, bəzi beynəlxalq qurumlar siyasi problemlər əvəzinə seçkilərlə bağlı yalnız texniki məqamları qabardırlar. Bir çox xarici dövlətlər neft və demokratiya arasında seçim qarşısında qalıblar».

Beynəlxalq Böhran Qrupu hesabat vasitəsilə Azərbaycan hakimiyyətinə təzyiqlərin artırılması üçün Qərb dövlətlərinə və beynəlxalq təşkilatlara müraciət edib. «Seçki saxtakarlıqları obyektiv araşdırılmasa, müxalifətin dinc aksiyaları zorakılıqla dağıdılsa və kütləvi həbslər həyata keçirilsə, beynəlxalq ictimaiyyət bu sanksiyaları nəzərdən keçirməlidir: Avropa Ittifaqı Azərbaycan hökuməti ilə apardığı yeni Tədbirlər Planı üzrə danışıqlarını dayandırmalıdır; Avropa Şurası Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun dayandırılması məsələsinə baxmalıdır: Amerika və digər dövlətlər Ilham Əliyev və onun nazirlərinin xaricə səfərlərinə diplomatik embarqo tətbiq etməlidir. Diplomatik embarqo məsələsində prezidenti xüsusi vurğulayırıq. Çünki prezidentin üzərində öz nazirlərini nizam-intizama dəvət etmək kimi öhdəlik var», - deyə Freyzer bildirib.

Xanım Freyzer təmsil etdiyi təşkilatın səsvermə günü müşahidə etdiyi qanun pozuntularına da toxunub: «Bizim təşkilatın üç xarici və bir yerli müşahidəçisi seçki günü bir sıra məntəqələrdə səsvermənin gedişini izləyib. Kiçik qrupla belə, çoxlu sayda qanun pozuntuları ilə qarşılaşdıq. Şəxsən özümüz Binəqədidəki seçki məntəqələrində naməlum şəxslərin seçki prosesinə kobud müdaxiləsi, müşahidəçilərin polislər tərəfindən saxlanması, qutuya topa şəkildə bülletenlərin salınmasının şahidi olduq. Lakin həmin məntəqələrdə nəticələr ləğv olunmayıb. Əgər ləğv olunmayıbsa, deməli, oaradakı seçkiləri şübhə altına almağa əsas var.

14 fevral 2006-cı ildə Beynəlxalq Mətbuat Mərkəzində Dəyirmi Masa keçirən Seçki Monitorinq Mərkəzinin icraçı direktoru Anar Məmmədli bildirdi ki, «SMM-in apardığı monitorinq 2005-ci il 6 noyabr parlament seçkilərinin azad və ədalətli olmadığını, seçicilərin iradəsini tam əks etdirmədiyini orataya qoyub». Seçkilərin azad və ədalətli keçirilməsi üçün beynəlxalq qurumların verdiyi tövsiyələri Azərbaycan hakimiyyətinin nəzərə almadığını deyən A.Məmmədli bildirib ki: «seçki zamanı qanun pozuntuları ilə bağlı çoxsaylı faktlar SMM tərəfindən seçki komissiyalarına təqdim edilsə də, onlar lazımınca araşdırılmayıb».

Azərbaycanda parlament seçkiləriylə bağlı beynəlxalq və yerli təşkilatların verdikləri rəylərin sayını uzatmaq da olar. Lakin bu rəylərin hamısı demək olar ki, eyni məzmunludur. Ona görə də yuxarıda yazılanlarla kifayətlənirəm.

 26.TƏKRAR SEÇKILƏR
Xatırladaq ki, MSK dörd seçki dairəsində, Konstitusiya Məhkəməsi isə altı dairə üzrə nəticələri ləğv edib. 115 dairədə seçkilərin nəticələri tanınıb. Nəticələri ləğv olunmuş 10 seçki dairəsində: 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd dairələrində 13 may 2006-cü ildə təkrar seçkilərin keçirilməsi barədə prezident Ilham Əliyev sərəncam imzalayıb. Respublika ictimaiyyəti isə hesab edir ki, müxalifətdən seçilmiş 9 namizəd mandatlarından imtina etməli, müxalifət daha çox 6 noyabrda baş vermiş seçki saxtakarlığına qarşı mübarizələri davam etdirməlidir, nəinki təkrar seçkilərə getmək. Bununla bağlı respublikanın tanınmış vətənpərvər və milli ruhlu ziyalıları mətbuat vasitəsilə öz fikirlərini ictimaiyyətə və təkrar seçkiyə gətmək istəyənlərə çatdırdılar. Onların bir neçəsini aşağıda verirəm.

«AMAL» Ziyalı Hərəkatının sədri Xalid Əlimirzəyevin qənaətincə, hazırki situasiyada demokratik qüvvələrin təkrar seçkiyə qatılması yanlış addım olardı. X.Əlimirzəyev bildirir ki, əgər müxalifət parlamenti legitim saymırsa, dünya ictimaiyyətinin də bu mövqedən çıxış etməsini istəyirsə, o zaman belə bir addımın atılması məntiqsizlik olardı. «Nəticədə ləğv olunmuş 10 dairədə təkrar seçkiyə qatılmaq indiki parlamentin qanuniliyini qəbul etmək deməkdir» - deyən «AMAL» Ziyalı Hərəkatının sədri müxalifətin hakimiyyətin bütün təzyiqlərinə baxmayaraq, seçki saxtaklarlığına qarşı mübarizə aparmaq əzmini təqdir edir: «Əgər biz Azərbaycanda sivil cəmiyyətin qurulmasını istəyir, övladlarımızın firavan gələcəkdə yaşamasını arzulayır, millətin taleyini düşünürüksə, saxtakarlığa qarşı mübarizəmizi bir an da dayandırmamalıyıq. Mübarizəni daha əzmlə, qətiyyətlə davam etdirməliyik. Azərbaycan cəmiyyəti noyabrın 6-da məğlub olmayıb. Xalq səsini «Azadlıq» blokuna verib. Və bu səslər uğrunda mübarizə aparmaq borcumuzdur».

Tanınmış ziyalı, yazıçı Sabir Azəri də demokratik düşərgənin təkrar seçkiyə getməsinin əleyhinə olduğunu qeyd etdi: «Hesab edirəm ki, demokratik düşərgə təkrar seçkiyə getməməklə özünün yenidən təhqir olunmasına imkan verməyəcək».

Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəyli: «Parlamentə və təkrar seçkilərə qatılmağa münasibətim mənfidir. Parlament seçkiləri 6 noyabrda keçirilib və Azərbaycan xalqı bu seçkilərdə ölkənin demokratik kəsiminə səs verib. Amma hakimiyyət bu seçkiləri həyasızcasına saxtalaşdırdı. Ona görə də hesab edirəm ki, saxtakarlıqla formalaşdırılan parlamentin işində iştirak etmək iqtidarın saxtakarlığına şərik olmaq deməkdir.

Azərbaycan Hüquqşünaslar Forumunun həmsədri Intiqam ƏLIYEV-in qənaətinə görə, mayın 13-ü 6 noyabrın təkrarı olacaq. «Təkrar seçkilərə qatılmamaqla bağlı səsləndirilən fikirlərlə razıyam. Çünki seçki komissiyalarının tərkibi dəyişdirilməyibsə, qanun pozuntularına yol vermiş komissiya üzvləri, seçki prosesinə müdaxilə edən icra başçıları və hüquq-müdafiə orqanları əməkdaşları cəzalandırılmayıbsa, nəhayət bu iqtidarın demokratik seçki keçirmək iradəsi yoxdursa təkrar seçkilərə qatılmağın heç bir mənası yoxdur».

 «Azad söz» Jurnalistlər birliyinin sədri Azər Rəşidoğlu: «Mandat qazanan müxalifət nümayəndələrinin parlamentin işində iştirak etməsinin əleyhinəyəm. Çünki bu addımın heç bir effekti olmayacaq. Bir halda ki, 4-5 müxalifət nümayəndəsi hər hansı bir qərara təsir edə bilməyəcək, onda parlamentə getməyin nə mənası var? Fikrimcə, müxalifət nümayəndələri parlamentin işində iştirak etməkdən imtina etməli və dünya ictimaiyyətinə Azərbaycanda müxalifətsiz parlamentin fəaliyyət göstərdiyini çatdırmalıdır. Müxalifətin təkrar seçkilərə qatılmasını da mənfi qiymətləndirirəm. Çünki bu seçkilər də 6 noyabr seçkilərindən heç nə ilə fərqlənməyəcək».

Şair Mirzə Sakit: «Parlamentə və təkrar seçkilərə qatılmağı demokratiya uğrunda yüksək fədakarlıqla mübarizə aparan Azərbaycan xalqına xəyanət hesab edirəm. Mandat qazanmış müxalifət nümayəndələrinin saxta parlamentdə oturması hakimiyyətin seçki cinayətlərinə şərik olmaqdan başqa bir şey deyil.

Tanınmış sənətçi Akif Islamzadə: «Müsavat parlamentə qatılmaq qərarı versə, müxalifətin parçalanmasına xidmət edəcək».

Azad Yazarlar Ocağının yaradıcısı Murad Köhnəqala: «Yəni müxalifət səngərindən olan insanlar bilmirmi ki, artıq bizim hakimiyyətlə demokratiya oyunlarımız bitmiş sayılmalıdır? Özünə və məyus edilmiş seçicilərinə hörmət edən narıncı geyimli mübariz insanlar saxta parlament seçkilərinə təkrarən getməməlidir. Təkrar seçkilərə gedən müxalifət nümayəndələri bilməlidir ki, xalq artıq onlara səs verməyəcək. Çünki xalq yalnız «Azadlıq» Blokunun iradəsinə səs vermişdi. Bu iradədən kənarda heç bir müxalifət nümayəndəsi uğur qazana bilməyəcək. Amma onlar hakimiyyətin köməyi ilə saxta seçilə bilərlər. Buyursunlar, biz onları tanıyaq.»

«Məqam» Vətəndaş Hərəkatının koordinatoru Emin Hüseynov: «Parlament və təkrar seçkilərə qatılmaq müxalifətin dolayısı ilə saxta parlamentin legitimliyini tanıması deməkdir. Hesab edirəm ki, özünü müxalifət sayan bütün qüvvələr bu məsələdə prinsipiallıq göstərməlidir. Özünü seçkinin qalibi hesab edən bir siyasi qüvvənin təkrar seçkilərə qatılması ona etimad göstərən seçicilərə qarşı hörmətsizlikdir».

AXCP sədri Əli Kərimli: «Seçkinin birinci mərhələsində iştirak edib bu seçkinin tam saxta olduğunu biləndən və hətta seçilməkləri protokolla təsdiq olunmuş millət vəkilliyinə namizədlərin də qələbəsi təsbit edilməyəndən sonra təkrar seçkidə iştirak etməyin nə mənası var ki? Bizim bu seçkidə iştirak edib, onun demokratikliyinə don geyindirmək fikrimiz yoxdur».

49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən «YeS» Blokunun namizədi olmuş Azərbaycan Ziyalı Hərəkatının sədri Eldəniz Quliyev: «Təkrar seçkiyə qatılanlar qətiyyən müxalifəti təmsil edə bilməz».

66 saylı Biləsuvar seçki dairəsindən «Azadlıq» Blokunun namizədi olmuş Akif Şahbazov: «Hakimiyyətin növbəti seçki şousuna qatılmaqla müxalifət özünü cəmiyyətdə nüfuzdan salmamalıdır».

40 saylı (Cəncə) Kəpəz 2-ci seçki dairəsindən namizəd olmuş Ağrıdağ Xəyriyyə Cəmiyyətinin sədri Nurəddin Mustafayev: «Saxtakarlıqdan zövq alanlar təkrar seçkilərə qatıla bilərlər».

 

5 fevral 2006-cı ildə Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib. Toplantıda çıxış edən partiyanın başqani Isa Qəqmbər dildirib ki, 6 noyabr parlament seçkilərinin total şəkildə saxtalaşdırıldığı və Milli Məclisin tam əksəriyyətinin təyin edilmiş şəxslərdən ibarət olduğu bir mərhələdə müxalifət nümayəndələrinin parlamentə qatılıb – qatılmaması vəziyyəti köklü surətdə dəyişməyəcək

Bu məsələ ətrafında gedən bütün diskussiyaları diqqətlə izlədiyini, bütün fikirləri və arqumentləri araşdırdığını deyən Müsavat başqanı partiyanın parlamentə və təkrar seçkilərə qatılmasını məqsədəuyğun saydı. O Müsavatın bu addımı atmaqla saxtakarlıqla formalaşan parlamenti legitimləşdirəcəyi haqda səslənən fikirləri qəbul etmədiyini vurğulayıb. I.Qəmbər parlamentə və təkrar seçkilərə qatılmağın müxalifətin birliyinə xələl gətirəcəyi barədə deyilənlərlə də razılaşmadığını bidirib: «Hesab edirəm ki, blokun birgə qərarları qəbul etmək imkanları tükənməyib. Müxalifətin birliyi kifayət qədər mühüm bir məsələdir və hansısa konkret məsələlərə fərqli baxışlardan asılı olmayaraq birgə fəaliyyətin əməkdaşlığın davam etməsi tamamilə mümkündür».

Divan üzvü Qubad Ibadoğlu bu addımı yalnız partiya maraqları baxımından faydalı olduğunu bildirib. O, təklif edib ki, bu məsələ barədə qərar Məclisdə deyil, Divanın iclasında qəbul edilməlidir. Q.Ibadoğlu qərar qəbul edilərkən «Azadlıq» blokuna daxil olan digər partiyaların da mövqeyinin nəzərə alnmasnı tövsiyə edib.

Divan üzvü Nəsiman Yaqublu da bu məsələnin Divanda müzəkirə edilməsini təklif edib. Eyni zamanda bildirib ki, təkrar seçkilər saxtalaşdırılacağı təqdirdə bu məsələyə yenidən baxılmalıdır.

Məclis üzvü Rafiq Ismayıl, Beyləqan rayon təşkilatının sədri Tapdıq Abbasov və bir qrup digər rayon təşkilatlarının sədrləri hesab ediblər ki, Müsavat Partiyası parlamentə də, təkrar seçkiyə də getməlidir.

Məclis üzvü Elxan Mehdiyevin çıxışı isə bir qədər sərt olub. O, parlamentə və təkrar seçkilərə qatılmağın partiyanın imicinə ciddi zərbə vuracağını söyləyib: «Təəssüb edirəm ki, Məclis üzvləri birtərəfli çıxış edir. Kimə xoş gəlmək istəyirlər, bilmirəm. Biz bu cinayətkar rejimlə mübarizə aparırıq. Belə olan təqdirdə Müsavat Partiyası parlamentə gedirsə deməli, bu vəziyyətlə barışır. Rejimin onlara göstərdiyi yerlə razılaşır. Bu, kapitulyasiyadır. Bundan sonra partiyanın xalqın arasında alnı açıq deyə biləcəyi arqumenti olmayacaq. Müsavat bu gün rejimin yanında olan partiyaların yerini tutacaq. Ona görə də biz bu məsələdə siyasi iradə nümayiş etdirməliyik. Əgər biz parlamentə və təkrar seçkilərə qatılırıqsa, belə çıxır ki, 6 noyabr seçkiləri demokratik keçib, amma biz cəmiyyəti aldadmışıq. Biz bu addımı atmaqla rejimin dediyi kimi, konstruktiv müxalifətə keçirik. Ərəb dünyasında olduğu kimi, kiçik müxalifətlə təmsil olunmaqla uzunmüddətli sülalə rejiminin dərinləşməsinə aparan siyasi sistemə kömək etmiş oluruq. Buna görə də mən Məclis üzvlərini parlamentə və təkrar seçkilərə getməyin əleyhinə sə verməyə çağırıram».

Sonda I.Qəmbər bir daha parlamentə və təkrar seçkilərə qatılmağın zəruriliyindən danışıb: «Əgər kimsə məni inandırsa ki, parlamentə getməməklə yeni seçkilər məsələsi gündəliyə gələcək, getməməyə tərəfdar olaram. Amma belə bir gerçəklik yoxdur. Bu baxımdan hesab edirəm ki, parlamentin işində iştirak daha məqsədəuyğundur».

Çıxışlar bitdikdən sonra məsələ səsverməyə qoyulub. 64 nəfər parlamentə və təkrar seçkilərə qatılmağın lehinə, 9 nəfər əleyhinə səs verib, 6 nəfər isə bitərəf qalıb.

Bir qism adamlar Müsavat Partiyasının bu qərarını düzgün addım hesab etsə də, respublika ictimaiyyətinin əksəriyyəti bu qərarla razılaşmayıb, buna çox kəskin reaksiya verdilər və hətta bunu Azərbaycan xalqına qarşı xəyanət sayanlar da oldu. Onlardan bir neçəsini aşağıda verirəm.

Keçmiş Müsavatçı, politoloq Rasim Musabəyov qərarı tamamilə haqlı sayır: «Parlamentiə getmək lazım idi. Isa bəy 2 ay öncə məndən bu barədə soruşanda dedim ki, parlamentə də getmək lazımdır, təkrar seçkiyə də. O zaman bildirdim ki, Avropa Şurasından kimsə nəsə gözləyir və onun hakimiyyəti gözümçıxdıya salacağını gözləyirsə, bu, olmayacaq. Dediyim kimi, Avropa Şurasında kiminsə gözlədikləri olmadı». R,Musabəyov «Azadlıq» blokunun parçalanacağı ilə bağlı fikirlərinə də adi yanaşdığını dedi: «Qoy parçalansın da. Məgər «Azadlıq» seçki bloku deyildi? Keçən seçkilərdə onlar (cəbhəçilər-E) parlamentə getmişdilər. Protest elektoratını Müsavat Partiyası öz ətrafına toplamışdı. Eybi yox, qoy bu dəfə parlamentə Müsavat getsin, cəbhəçilərlə demokratlar qollarını çirməyib protest elektoratını ətrafına yığıb saxlasınlar. Hər halda məqsəd eynidir – demokratiya uğrunda mübarizədir.»

«YES» blokunun təsisçilərindən biri Eldar Namazov da Müsavat Partiyasının qərarını yüksək qiymətləndirdi. Onun sözlərinə görə, çətin seçim qarşısında qalan partiya bu sınaqdan da uğurla çıxıb: «Fikrimcə, Məclis düzgün qərar verib».

Hüquq müdafiəçisi Çingiz Qənizadə də Müsavat Məclisinin qərarını «olduqca düzgün qərar» adlandırdı: Biz parlamentin boş qalan yerləri uğrunda mübarizəyə qatılsaq, baş verə biləcək saxtakarlıqlarla bağlı bir daha beynəlxalq ictimaiyyəti və təşkilatları məlumatlandıra biləcəyik. Onlara faktlar təqdim edəcəyik ki, hakimiyyət azsaylı yerlərlə bağlı da saxtakarlıq niyyətindədən əl çəkmədi. Bu bir mühazirədir və mühazirədən kənara çəkilmək düzgün deyil». Parlamentə qatılmaq məsələsinə gəldikdə, Ç.Qənizadə bəzi dostları ilə görüşəndə də bu barədə qətiyyətlə «mütləq qatılmaq lazımdır» dediyini qeyd etdi: «Mümkün nə varsa, ondan istifadə edib bu ölkədə hüquqi-demokratik cəmiyyətin qurulması üçün mübarizəni davam etdirmək lazımdır».

«Yeni Müsavat» qəzrtinin baş redaktoru Rauf Arifoğlu: «Yaranmış imkanlara praqmatik yanaşmaq lazımdır. Parlamentə və təkrar seçkiyə getməyi məqsədəuyğun hesab edirəm».

Müsavat Partiyasının parlamentdə iştirak və təkrar seçkilərə qatılmaqla bağlı qəbul etdiyi qərar müxalifət düşərgəsində məyusluqla qarşılanıb. Müsavatın qərarına müxalifət liderlərinin münasibəti belədir.

AXCP sədri Əli Kərimli: «Təssüf ki, Müsavat hökumətin düşdüyü çətin vəziyyətdən çıxmağına şərait yaradan qərar verdi. …Seçkidən qabaq bizim ümumi razılaşmamız olmuşdu ki, əgər seçkilər saxtalaşdırılacaqsa, «Azadlıq bloku»nun namizədlərindən yalnız bir neçə nəfərin qələbəsi etiraf olunacaqsa, o halda biz həmin bu seçki tamaşasında iştirak etməyəcəyik və öz nümayəndələrimizi parlamentə göndərməyəcəyik. Bu razılaşmamız seçkilərdən sonra yenidən təsdiq olundu və bunun əsasında «Azadlıq bloku»nun tövsiyəsi ilə blokdan seçilmiş namizədlərin bəyanatı hazırlandı, həmin bəyanat 600 nəfər deputatlığa namizədin və ictimaiyyətin qarşısında 16 noyabrda elan olundu. Bu bəyanat ictimaiyyət tərəfindən də birmənalı dəstəkləndi və həmin bəyanatın ruhuna uygun olaraq həm AXCP, həm ADP tərəfindən həm təkrar seçkilərin, həm də parlamentdə iştirakın boykot edilməsi ilə bağlı qərar qəbul olundu. Ona görə də Müsavat Partiyasının çıxardığı qərar bizim əvvəlcədən razılaşdırıb həyata keçirdiyimiz siyasətə həmin patiya tərəfindən xələl gətirilməsi, onun pozulması deməkdir. Bu, böyük bir təəssüf yaradır və ona görə də təbii ki, bu qərar bizim sonrakı addımlarımıza təsirsiz ötüşməyəcək».

AXCP sədrinin müavini Fuad Mustafayev: «Həm parlamentə, həm də təkrar seçkilərə gedilməsi müxalifətin Azərbaycan cəmiyyətində qazandığı dəstəyə ciddi mənfi təsir göstərəcək».

ADP sədrinin 1-ci müavini Sərdar Cəlaloğlu: «Bu qərar Müsavatın özünə böyük zərbə olacaq».

AMIP sədri Əli Əliyev: «Bu qərara münasibətim mənfidir. Müsavat Partiyasının təkrar seçkilərə qatılmaqla bağlı qərarı müxalifətin milli maraqlarına strateji zərbə vurub. Bu baxımdan, real müxalifətin hüdudları yenidən müəyyənləşdirilməlidir».

Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva: «Müsavat Partiyasının təkrar seçkilərə və parlamentin iclaslarına qatılmaqla bağlı qərarına çox təəssüf edirəm. Bu, həm bizim birliyimizə, həm də müxalifətin imicinə xələl gətirdi. Müsavat bizim gələcək mübarizəmizi arqumentsiz qoyub. Mən onları ittiham etmirəm, onlar öz partiyalarının adından parlamentə gediblər. Amma biz bu yolu birgə getmişik, birgə bəyanat imzalamışıq, mandatlardan imtina olunması ilə bağlı birgə qərar vermişik. Mən istərdim ki, bizim siyasətçilər imza atanda, qərar qəbul edəndə bir az məsuliyyətli olub qərarlarına, sözlərinə, imzalarına sədaqət nümayiş etdirsinlər. Indi heç kim parlamentin qeyri-legitim olduğunu deyə bilməz».

Liberal Partiyasının sədr əvəzi Əvəz Teymurxan: Müsavat mandatı gördü, millət yaddan çıxdı».

ADP Ali Məclisinin sədri Akif Şahbazov: «Müsavat Partiyasının qərarı müxalifətin mövqeyinə vurulmuş zərbadir».

Hüquqşünaslar Liqasının rəhbəri, «Azadlıq» Blokundan namizəd olmuş Isaxan Aşurov «Təkrar seçkilərə qatılmağın heç bir faydası yoxdur».

«Azadlıq» Blokundan namizəd tanınmış hüquqşünas Yavar Hüseynov: Hakimiyyətin seçki cinayətlərinə bəraət qazandırmamalıyıq».

Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus: «Cəmiyyət görməlidir ki, demokratik qüvvələrin təmsilçiləri şəxsi maraqlarından çıxış etmir. Parlamentə gedənlər saxtakarlığa ortaqlıq etmiş olacaqlar. Müxalifətin təkrar seçkidə iştirak etməsinin heç bir mənası yoxdur».

 «Azadlıq bloku»nun faktiki qalib gəlmiş, amma qələbələri oğurlanmış namizədləri: Həsən Kərimov, Ilham Hüseynli, Yaqub Abas, Qurban Məmmədov, Ənnağı Hacıbəyli, Şahin Nəcəfov, Həsrət Rüstəmov və Flora Kərimova da mətbuat vasitəsilə Müsavatın qərarına münasibət bildirmişlər.

«Azadlıq» Blokundan namizəd olmuş Həsən Kərimov: «Parlamentə getmək istəyəenlər 26 noyabrda qanına qəltan edilənləri gözləri önünə gətirsinlər».

«Azadlıq» Blokundan namizəd olmuş Ilham Hüseynli: «Biz seçicilərə mandat uğrunda deyil, demokratiya uğrunda mübarizə aparmağımızı bəyan etmişdik».

«Azadlıq» Blokundan namizəd olmuş Yaqub Abbasov: «Parlamentə getməməklə bağlı qəti qərar qəbul edilməlidir».

«Azadlıq» Blkundan namizəd olmuş Qurban Məmmədov: «Saxta parlamentə qatılmaq hakimiyyətin indiyə qədərki cinayətlərini bölüşmək deməkdir».

«Azadlıq» Blokundan namizəd olmuş Ənnağı Hacıbəyli: «Getmək» qərarı hakimiyyətlə əməkdaşlıq və müxalifəti parçalamaq kimi qiymətləndirilməlidir».

«Azadlıq» Blokundan namizəd olmuş Şahin Nəcəfov: Təkrar seçkilərdə iştirak müxalifətin özü-özünə hörmətsizliyi deməkdir».

«Azadlıq» Blokundan namizəd olmuş Həsrət Rüstəmov: «Biz mandat uğrunda mübarizə aparmadığımızı sübut etməliyik».

Tanınmış sənətçi, «Azadlıq» Blokundan namizad olmuş xalq artisti Flora Kərimova: «Ya həqiqi birlik, ya saxta parlament». «Mən bu qərara mənfi münasibət bəsləyirəm».

Ziyalılar isə Müsavat Partiyasının təkrar seçkiyə və parlamentə getməklə bağlı qərarını aşağıdakı kimi qiymətləndirir.

«Amal» Ziyalı Hərəkatının Ali Şurasının üzvü Mürşüd Məmmədli: «Seçkilərin ümumi nəticələrini nəzərə alsaq, hazırda müxalifətin təkrar seçkilərdə iştirakı mənasızdır. Real müxalifətdən də deputat seçilmiş şəxslər Milli Məclisin fəaliyyətində iştirak etməməlidirlər. Müxalifət liderləri seçkidən öncə bəyan edirdilər ki, mübarizələri, davaları mandat davası deyil. Mübarizə millət uğrunda, onun illərdir pozulan haqqunun bərpası uğrunda gedir. Bu cür müqəddəs amalın qarşısına məqsəd qoyanlar isə ucuz mandat səviyyəsinə enməməlidirlər».

«AMAL» Ziyalı Hərəkatı Ali Şurasının üzvü, professor Bəhmən Sultanlının sözlərinə görə, «Müsavat Partiyasının bel sütunlarından olan Isa Qəmbər, Sülhəddin Əkbər, Rauf Arifoğlu, Ibrahim Ibrahimli, Qabil Hüseynli builki parlament seçkilərində yüksək səs qazandı, lakin onların qələbəsi saxtakarlığın qurbanı oldu: «Azadlıq» blokunun rəhbərlərindən biri kimi, Isa Qəmbər də seçkinin nəticələrini tanımamaq barədə bəyanat verdi. Birincisi, seçkinin nəticələrini tanımaya-tanımaya parlamentə getməyi mən anormal hal kimi qəbul edirəm. Ikincisi isə, elə bir məsələ vardırsa, səmimi olub, həmin məsələni blok daxilində müzakirə etməli idilər. Amma bu məsələ qapalı qaldı və birdən-birə belə bir qərarın qəbul edilməsi bir qədər müəmmalar doğurur. Mən Müsavat Partiyasının bu addımını dəfələrlə seçkilərdə əzildikdən sonra öz taleyilə barışması hesab edirəm».

 27. L.Ş.HACIYEVA DEPUTAT MANDATINDAN RƏSMƏN IMTINA ETDI

Müxalifət tərəfindən parlamentə üzv seçilmiş 9 namizədin arasında olan yeganə bir qadın, Azərbaycan Liberal Partiyasının və Milli Birlik Hərəkatının lideri, professor Lalə Şövkət Hacıyeva sözünün üstündə durdu. O, 17 yanvar 2005-ci ildə hərəkatın qərargahında mətbuat nümayəndələri ilə keçirdiyi görüşdə əsas məqsədinin ölkə ictimaiyyətini və KIV nümayəndələrini deputat mandatından imtina etməsilə əlaqədar MSK-ya təqdim etdiyi rəsmi ərizəsi ilə tanış etmək olduğunu bildirdi. L.Ş.Hacıyevanın ərizəsini aşağıda verirəm.

 «Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına Azərbaycan Respublikası Milli Məclisinin deputatı Lalə-Şövkət Hacıyeva tərəfindən

ƏRIZƏ

Azərbaycan xalqının və beynəlxalq demokratik ictimaiyyətin ümidlərinə baxmayaraq, 6 noyabr 2005-ci il parlament seçkiləri əvvəlki seçkilərtək qeyri-azad və ədalətsiz keçirilərək, total şəkildə saxtalaşdırıldı. Nəticədə qanunverici hakimiyyət, Azərbaycan xalqının iradəsinə zidd olaraq, rejim tərəfindən qəsb edildi.

Sivil dünya birliyi tərəfindən obyektivliyi şübhə doğurmayan ATƏT-in Müşahidə Missiyasının rəyinə əsasən, ölkə üzrə seçki məntəqələrinin ən azı «43 faizində səslər pis və çox pis» hesablanmışdır. ATƏT və AŞ PA müşahidəçiləri bu seçkiləri qeyri-demokratik dəyərləndirərək, beynəlxalq standartlara uyğun gəlmədiyini bəyan etdilər.

Mən Milli Birlik Hərəkatı və Azərbaycan Liberal Partiyasının lideri olaraq, bu seçkilərə 70 deputatlığa namizəddən ibarət siyasi komandamla qatılmışdım. Lakin total saxtakarlıq nəticəsində ALP-nin ən azı 11 namizədinin qələbəsi etiraf edilmədi, onların şikayətlərinə MSK və məhkəmələr tərəfindən baxılmadı və yaxud əsassız olaraq təmin olunmadı. Eyni zamanda, müttəfiqimiz «Azadlıq» blokunun da 50-yə yaxın namizədinin qələbəsi inkar edildi.

Milli Birlik Hərəkatı öz müttəfiqi «Azadlıq» bloku ilə total saxtalaşdırılmış seçkilərin nəticələrini tanimadığını və bu parlamenti qeyri-legitim saydığını noyabrın 8-də bəyan etdi. Noyabrın 16-da isə hüquqları pozulmuş 600-ə yaxın deputatlığa namizədin iştirakı ilə keçirilən Ümumrespublika Forumunda seçkilərin saxta nəticələri Konstitusiya Məhkəməsində təsdiq olunacağı təqdirdə biz, qələbəsi tanınmış 9 namizəd, mandatımızdan imtina edacəyimizə dair ikinci bəyanat verdik. Təəssüf ki, Konstitusiya Məhkəməsi seçkilərin saxta nəticələrini nəinki təsdiq etdi, hətta ədalətsizlikdə daha irəli gedərək, iki müxalifət namizədinin qələbəsinin ləğvinə qərar verdi.

Noyabrın 26-da seçki saxtakarlığı ilə barışmayan on minlərlə insanın dinc etiraz aksiyası hakim rejim tərəfindən polis və daxili qoşunlar vasitəsilə görünməmiş qəddarlıq və vəhşiliklə dağıdıldı. Yüzlərlə insan, qadın, qoca və ən dəhşətlisi – azyaşlı uşaqlar zorakılığa məruz qaldı, onlara ağır xəsarət yetirildi. Bütün mütərəqqi dünya ictimaiyyəti, nüfuzlu beynəlxalq təşkilatlar və Qərb dövlətləri hakimiyyətin dinc əhaliyə qarşı güc tədbiq etməsini qətiyyətlə pisləyən bəyanatlarla çıxış etdi. Lakin çox təəssüf ki, yeni «seçilmiş» Milli Məclis bu zorakılığı heç müzakirə də etmədi və bununla əsasən təyinatlı olduğunu bir daha sübut etdi.

Beləliklə, bu seçkilərdə nə Azərbaycan Konstitusiyasına, nə Azərbaycan qanunlarına, nə də beynəlxalq standartlara məhəl qoyulmadı. Yalnız iki «qanun» işlədi – «pul qanunu» və «güc qanunu».

Hər bir dövlət xadiminin, siyasətçinin, millət vəkilinin həyat fəlsəfəsi «hakimiyyət naminə hakimiyyət» deyil, «millət naminə hakimiyyət» olmalıdır. O, milli maraqları şəxsi maraqlarından hər zaman üstün tutmalı, onu öz imtiyazlarına qurban verməməli, xalqa və müttəfiqlərinə verdiyi sözə əməl etməlidir. Azərbaycanın indiki vəziyyətində demokratiya, azad cəmiyyət uğrunda həqiqi mübarizə siyasətçilərdən məsuliyyət, sözübütövlük, ardıcıllıq, prinsipiallıq, əzmkarlıq tələb edir. Əks təqdirdə bu mübarizə səmərəsizdir.

Mənim üçün parlament məqsəd deyil, yalnız millətə xidmət vasitəsidir. Əgər bu mümkün deyilsə, orada iştirakımın əhəmiyyəti yoxdur. Xalqın iradəsini əks etdirməyən parlamentdə millətin problemlərini həll etmək qeyri-mümkündür. Son onillik parlament fəaliyyətinin acı təcrübəsi göstərdi ki, təyin olunmuş parlament millətə yox, iqtidara vəkillik edir, azlıqda qalmış müxalifət isə təqiblərə və təhqirlərə məruz qalaraq, heç nəyi həll etmək imkanında olmur.

Həmişə bəyan etmişəm ki, mandat yox, millət naminə mücadiləyə çıxmışam və bu mənim əsas qayəmdir. Bu parlament seçkiləri Azərbaycanın müasir tarixinə böyük ədalətsizlik kimi həkk olunacaq. Ədalətsizliyə qarşı ya mübarizə aparırlar, ya da onunla barışırlar. Mən barışanlardan deyiləm! Saxta seçkilər nəticəsində formalaşmış Milli Məclisin işinə qatılmaqla onun legitim parlament kimi tanınmasına xidmət edə bilmərəm, Buna görə xalqa və müttəfiqlərimə verdiyim sözlərə sahib çıxaraq, Azərbaycan Respublikası Milli Məclisinin deputat mandatından imtina edirəm.

Inanıram ki, mənim bu qərarımı seçicilərim düzgün başa düşəcək.

Mən məhz seçicilərimi, millətimi düşünüb bu addımı atıram. Özümü düşünsəydim bunu etməzdim. Mənim bu qərarım iradəsinə təcavüz edilmiş millətimin qarşısında mənəvi borcum, qələbəsi qəsb edilmiş həmkarlarımın qarşısında mənəvi öhdəliyimdir.

 Prof. Dr. Lalə-Şövkət Hacıyeva
 Milli Birlik Hərəkatı və Azərbaycan Liberal Partiyasının Lideri».

 

28. ANDREAS QROSS TƏKRAR SEÇKIYƏ QARŞI
Avropa Şurasının Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andreas Qross «Azadlıq» radiosuna müsahibəsində Azərbaycan hakimiyyətinin təkidi ilə yox, özünün istəyi ilə Azərbaycana gəlmədiyini bəyan edib. «125 dairədən 10-da təkrar seçki keçirmək vacib deyil. Xüsusilə ona görə ki, nəticələri ləğv edilmiş, 10 dairənin 5-də müxalifət qalib gəlmişdi. Ona görə, qərara aldım ki, mayda Azərbaycana gəlmək vacib deyil», - deyə Qross bildirib.

APA-nın Avropa bürosuna verdiyi ekskluziv müsahibəsində isə A.Qross deyib: «Son 5 ildə 25 dəfə Azərbaycanda olmuşam. Təkrar parlament seçkilərini müşahidə etməyə getməməyimin səbəbi isə son seçkilərin nəticələrinin məni qane etməməsidir. Ikinci turda seçkilər minimum 50 dairədə keçirilməli idi. Mənim uzunmüddətli sükutum və Azərbaycana gəlməməyim məhz buna olan etirazımdır. Arada belə sakit qalmaq özü də bir növ güc tələb edir.»

A.Qrossun bu addımı bir daha göstərir ki, Azərbaycan hakimiyyətinin demokratik seçki imitasiyası ilə məşğul olduğunu Avropada da etiraf edirlər. Artıq Avropalı demokratlar «bu irəliyə doğru bir irəliləyişdir. Seçkiyə qatılmaqla mübarizə davam etməlidir» kimi fikirlər işlətmirlər. Çünki, bu qədər acı təcrübədən özünü aldatmaq olardı. Avropalı demokratlar da hakimiyyətin seçki imitasiyasının dekorasiyası rolunu oynamağı arzulamırlar. Onlar artıq seçkini müşahidə etməyi belə vacib hesab etmirlər.

29.«SEÇKILƏRIN SAXTALAŞDIRILMASININ ARXASINDA ABŞ DAYANIB»

ABŞ səfiri Rino Harnişin müxalifətdən olan deputatlarla ayrı-ayrılıqda görüşlər keçirməsi və parlamentə qatılmaq barədə onlara məsləhət verməsi mətbuatdan respublika ictimaiyyətinə məlum idi. Bu barədə APA-ya müsahibə verən ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu demişdir: «ABŞ-ın Bakıdakı səfirinin «Azadlıq» blokunun namizədi olmuş deputatları parlamentin iclasına qatılmaq üçün dilə tutması yalnız Amerikanın öz uğursuzluğunu ört-basdır etmək məqsədi daşıyır. Onların bu addımı seçkilərə demokratik donu geyindirmək və hakimiyyətə yarınmaq məqsədi daşıyır. Bunu da ona görə edirlər ki, budəfəki seçkilərin demokratik keçirilməsinin məsuliyyətini ABŞ öz üzərinə götürmüşdü». S.Cəlaloğlunun sözlərinə görə, seçkilərin demokratik keçirilməsinə nə ABŞ, nə də Dövlət Departamenti yardım göstərib: «Seçkidən əvvəl Amerika bildirmişdi ki, demokratiyanın yanında olacaq. Seçkidən sonrakı proseslər isə Amerikanın yalan danışdığını ortaya çıxardı. Bundan əvvəl keçirilən parlament seçkilərində ABŞ indiki qədər yaxından iştirak etməmişdi və o vaxt seçkilər daha demkratik keçirilmişdi».

«Day.az» saytı tanınmış müğənni və siyasətçi, xalq artisti Flora Kərimovadan eksklüziv müsahibə götürüb. O, ABŞ-ın ünvanına kəskin ittihamlarla çıxış edib. O bildirib ki, müxalifət ABŞ-ın seçkilərin saxtalaşdırılmasına dəstək verəcəyini əvvəlcədən bilirdi: «Bizim ölkəmizdə bütün əvvəlki seçkilərin saxtalasşdırılmasının arxasında ABŞ dayanıb. Azərbaycan xalqının 2003-cü il oktyabrın 16-da güllələnməsinə məhz ABŞ sanksiya verib. ABŞ-ın dəstəyi olmadan Azərbaycan rəhbərliyi xalqın iradəsinə bu cür açıq-aydın məhəl qoymaya bilməzdi». Flora xanımın sözlərinə görə, indi ABŞ səfirinin ünvanına çoxlu tənqidlər səslənsə də, o, ölkəsinin xarici siyasətinin yalnız ruporudur: «ABŞ əvvəlcə demokratiyanı dəstəkləyəcəyini vəd edir, son anda isə bu vədlərə inanan insanları aldadır. Bədbəxtlikdən Azərbaycanda Rusiya ilə ABŞı-n maraqları da üst-üstə düşür. Onların hər ikisi Azərbaycanın doğrudan da, müstəqil olmasını istəmirlər. Demokratiyanın taleyi onları qətiyyən narahat etmir. Bütün ötən seçkilərdə də belə olub».

Azərbaycan Liberal Partiyasının və Milli Birlik Hərəkatının lideri, professor L.Ş.Hacıyeva APA-ya bildirib: «ABŞ-ın parlament seçkiləriylə bağlı mövqeyinə birmənalı söz demək mümkün deyil. Bu məsələylə bağlı Milli Birlik Hərəkatı və «Azadlıq» bloku birgə bəyanat qəbul edib. Biz düşünürük ki, bu, birtərəfli bəyanat idi». Lalə xanımın sözlərinə görə, seçkilərin səhəri günü ABŞ rəsmiləri ATƏT-in Müşahidə Missiyasının mövqeyini dəstəklədiyini bəyan edib. «Amma Konstitusiya Məhkəməsinin qərarından sonra mövqelərində 180 dərəcə dəyişiklik etdilər. Buna baxmayaraq, belə bəyanatlar bizim mübarizəmiz üçün mane ola bilməz. Əlbəttə, ABŞ-ın mövqeyi bizim üçün əsasdır, amma həlledici deyil. ABŞ mətbuatı Azərbaycanda keçirilən parlament seçkilərilə bağlı sərt mövqe nümayiş etdirdi. Onlar demokratiyanın boğulmasını birbaşa təsdiq etdilər. Dövlətin mövqeyinin sonradan nə üçün dəyişməsi isə hələ də bəlli deyil».

 30. «TAYFA PARLAMENTI»

Total saxtakarlıqla formalaşan bu parlamentin də tayfa bağlılığına söykəndiyi elə ilk baxışdan da görünür. Hətta bəzi yeni təyin olunmuş deputatların hesabına bu tayfa bağlılığı bu dəfə bir az da möhkəmlənib. Bunu indiki saxta parlamentin tərkibilə bağlı aparılan dəqiqiləşdirmələrin nəticəsi də göstərir. Belə ki, dəqiqləşdirmələr 125 nəfər deputatın tam əksəriyyətinin Ilham Əliyevə və onun bir neçə məmuruna ya qohum, ya da kifayət qədər yaxın adam olduğunu üzə çıxarır. Parlamentə təyin olunanların («seçilənlərin») bir qismi də dilsiz-ağızsız, yalnız imtiyazlı biznes hesabına var-dövlət qazana bilmiş şəxslər, müxtəlif iri dövlət vəzifələri tutan dövlət məmurları, deputat mandatı alandan sonra bu cür vəzifələrə təyin edilmiş bioqrafiyalardır.

Regional baxımdan isə parlamentdə ermənistanlılar ve naxçıvanlılar çoxluq təşkil edir. Bu ermənistanlı və naxçıvanlıların əksəriyyətinin də kürd-erməni əsilli olmaları və bu millətlərlə qohumluq əlaqələri olanlar olduğu üzə çıxır.

Saxta tayfa parlamentinin sədri parlament üzvü «seçilmiş» Oktay Əsədov təyin olundu. O.Əsədov ikinci dəfədir ki, parlamentə üzv təyin olunur («seçilir»). O, birinci dəfə 2000-ci ildə mənim yaşadığım dairədən parlamentə üzv «seçilmişdir». O vaxt O.Əsədov Azərsu Səhmdar Cəmiyyətinin sədri vəzifəsində işləyirdi. Cəmiyyət arasında az tanınan adamlardan biri idi. Bir gün mənə telefon edib bildirdilər ki, Mədəni-maarif texnikumunun akt zalında deputatlığa namizədlərlə görüş keçirilir, gəlməyin məsləhətdir. Yeddi namizəddən, bir Oktay Əsədovdan başqa, 6 namizəd seçicilərlə görüşə gəlmişdi. Namizədlərdən ikisini: keçmiş təhsil naziri Firudin Cəlilovla Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevi tanıyırdım. Namizədlərin hamısı özləri haqda məlumat verdilər və bildirdilər ki, əgər seçicilər onlara etimad göstərib, parlamentə üzv seçilərlərsə, nə işlər görə bilərlər. Sonra namizədlərə suallar vermək prosesi başlandı. Zalda oturanların əksəriyyəti müəllimlər olduğundan, suallar da əsasən keçmiş təhsil naziri F.Cəlilova verildi. Müəllimlər öz sualları ilə F.Cəlilovu elə vəziyyətə salmaq istəyirdilər ki, elə bil ölkəni bərbad hala salan odur. Bəzi müəllimlər suallarını oturduqları yerdən verirdilər, bir qismi isə tribunaya qalxıb, sözünü oradan deyirdi. Müəllimlərin belə ədalətsiz hərəkətlərinə dözməyib, söz alıb, tribunaya qalxdım. Üzümü zalda oturan müəllimlərə tutub dedim: gördüyünüz kimi seçicilərlə görüşə gələn 6 namizədin hamısı özü haqda məlumat verdi və bildirdilər ki, əgər parlamentə üzv seçilərlərsə hansı işləri görə bilərlər. Əgər bunlardan hansısa biri seçilərsə və verdiyi sözə əməl etməzlərsə, onda biz seçicilər onun qarşısında lazımi tələblər qoya bilərik və yeri gələndə onu hətta ifşa da edə bilərik. Çox təəssüf ki, biz seçicilərlə görüşə gələn namizədlərin heı biri parlamentə üz seçilməyəcəkdir. Parlamentə biz seçiciləri saymayıb, bizimlə görüşə gəlməyən və nə də öz nümayəndəsini göndərməyən, biz seçicilərə qarşı hörmətsizlik edən deputatlığa namizəd Oktay Əsədov «seçiləcəkdir». O artıq bilir ki, parlamentə üzv seçilib, ona görə də biz seçiciləri saymayaraq, bizimlə görüşə gəlməyib. Onun parlamentə üzv seçilməsi üçün də saxtakarlıqları siz zalqa oturan müəllimlər edəcəksiniz. Seçki məntəqələrinin sədrləri, məntəqə komissiya üzvləri əsasən siz zalda oturan müəllimlərsizniz. Yuxarıdan göstəriş gələn kimi, saxtakarlıqlara başlayıb, qutudan Oktay Əsədovu çıxaracaqsınız. Ona görə də ölkəni bərbad hala salan keçmiş təhsil naziri yox Firudin Cəlilov, siz müəllimlərsiniz. Bunun üçün də Firudin Cəlilovu yox, siz müəllimləri ittiham etmək lazımdır. Mənim çıxışım zalda oturan müəllimlərin xoşuna gəlmədi və axırıncı çıxış oldu. Bununla da yığıncaq qurtardı.

Belə də oldu. yuxarıların göstərişinə əsassən seçki məntəqə sədrləri və komissiya üzvü olan müəllimlər qutudan Oktay Əsədovu çıxardılar.

Yaşadığım 6-cı mikrorayonun sakinlərinin əksəriyyəti məni tanıyır və mənə hörmətlə yanaşırlar. Mən də maraq üçün təxminən 500 seçici arasında sorğu keçirdim. 500 seçicidən bir nəfər də tapılmadı ki, desin Oktay Əsədovun deputatlığa namizədliyinin qeydə alınması üçün imza atsınlar və nə də onun Milli Məclisə üzv seçilməsi üçün səs vermişəm.

Oktay Əsədov 5 il Milli Məclisdə oturdu. Bu beş il müddətində o, ağızını açıb bir kəlmə belə danışmadı. Lal və dilsiz-ağızsız deputatlardan biri oldu.

2005-ci ildə o deputatlığını Abşeron rayonundan verdi. Bu dəfə onun necə deputat «seçilməsi» barədə 186-191-ci səfifələrdə ətraflı məlumat vermişəm. Göründüyü kimi, O.Əsədovun xeyrinə qutulara topa-topa bülletenlərin atılması nəticəsində 25 məntəqədə bülletenlərin sayı artıq çıxıb. Qutudan bülletenlərin sayının səsverənlərin sayından artıq çıxması səsvermənin nəticələrini ləğv etmək üçün kifayət etdiyi bir halda, qanuna müvafiq olaraq buna əməl olunmayıb. O biri tərəfdən də digər namizədlərə verilmiş səslər O.Əsədovun adına yazılıb. O.Əsədov səsləri əsəsən qapalı seçki məntəqələrindən – hərbi hissələrdən toplayıb. Qeyd edirəm ki, həmin vaxt Prişküldə hərbi xidmətdə olan, Imişli rayonundan hərbi xidmətə çəğırılmış baldızım oğlu seçkidən bir neçə gün sonra bizə gəlmişdi. O məndən soruşdu, Nadir dayı Oktay Əsədov kimdir? Dedim, necə bəyəm? Dedi ki, seçki günü komandir biz əsgərlərə göstəriş verdi ki, hamınız Oktay Əsədovə səs verməlisiniz. Biz də ona səs verdik.

Göründüyü kimi O.Əsədov seçiciləri saymayıb, nə özü və nə dəki nümayəndəsi seçicilərlə görüşə getmədən iki dəfə Azərbaycan Respublikasının Milli Məclisinə deputat təyin olundu – «seçildi». Bu azmış kimi, o, hətta Azərbaycan Respublikası Milli Məclisinin sədri də təyin olundu. Bundan sonra o, artıq hətta ömürlük Azərbaycan Respublikası Milli Məclisinin deputatı da ola bilər.

Sual olunur: bəs seçkilər üçün küllü miqdarda dövlət vəsaitinin xərclənməsi, xalqın işindən-gücündən ayrılması nə üçün imiş?

Yuxarıda yazılanlarla tam sübut olunur nə qədər ki, Azərbaycanda əliyevçilik hökm sürür, heç vaxt qanunamüvafiq ədalətli, demokratik seçki keçirilməyib və keçirilməyəcək də. Azərbaycanda demokratik seçki yolu ilə hakimiyyət dəyişikliyi qeyri-mümkündür. Azərbaycan xalqına bir bəla kimi gəlmiş əliyevçilikdən xilas olmağın bir yolu qalıb ki, o da inqilab yoludur.

 31.MÜSAVAT PARTIYASININ SƏHV QƏRARI

Müsavat Partiyası respublika ictimaiyyətinin yox, ABŞ səfiri Rino Harnişin sözünə baxıb təkrar seçkilərə qatılmaqla yanaşı, partiya üzvlərindən seçilmiş deputatlarını parlamentə də göndərdi. Təkrar seçkilər də əvvəlkindən heç nə ilə fərqlənmədi. Böyük saxtakarlıqlarla keçdi və müsavatçı namizədlərdən bir nəfər də olsun belə deputat mandatı əldə edə bilmədi.

Müsavat Partiyası üzvlərindən seçilmiş deputatlarını parlamentə göndərməklə saxta parlamentin legitimliyinə nail oldu. Parlamentdə iştirak edən müsavatçı deputatların isə yeni qanunların qəbul olunmasında təsiri sıfra bərabər oldu.

Müsavat Partiyasının təkrar seçkilərə və parlamentə getmək qərarı xalq arasında böyük narazılıqlara səbəb oldu. Bunun nəticəsi olaraq çoxlu sayda adamlar Müsavat Partiyasından çıxdılar və bir çox ziyalılar siyasətdən birdəfəlik uzaqlaşdılar. Bu da müxalifətə, o cümlədən Azərbaycan xalqına böyük zərbə oldu. Əgər 2003-cü il prezident seçkiləri zamanı müxalifətin mitinqinə 500.000-ə (beş yüz min) qədər adam çıxırdısa, Müsavat Partiyası rəhbərliyinin xalqa qarşı belə bir xəyanətindən sonra növbəti prezident seçkiləri zamanı müxalifət tərəfdən mitinqlərə hətta 50.000 (əlli min) adamın mitinqə çıxacağı belə şübhə altındadır. Heydər Əliyev – Ilham Əliyev iqtidarına da elə bu lazım idi.

This entry was posted in İlhamlı günlər (II-ci kitab). Bookmark the permalink.

Comments are closed.