FƏLAKƏTLƏRIMIZIN BAISKARI (ll kitab)

fəlakətlərimizin baiskarı - heydər əliyevKeçmiş sovet quruluşu dövründə 60-cı illərdən siyasi fəaliyyətdə olmuş və siyası baxışlarına görə cəmiyyətdən uzunmüddətli təcrid edilmiş və həmçinin 1988-ci ildən başlayaraq respublikada baş verən hadisələrin içində olmuş dissident Nadir Mirələkbər oğlu Ağayev bu kitabda 60-cı illərdən başlayaraq respublikada baş verən hadisələri şərh edir.

«Qorxuram ki, oyun ola,
Millət yenə qoyun ola!»
Məmmədhüseyn ŞƏHRIYAR

III FƏSIL
1988–1993-cü ILLƏRDƏKI PROSESLƏR – MEDALIN BIR ÜZÜ ƏBÜLfƏZ ƏLIYEVDIRSƏ, O BIRI ÜZÜ DƏ HEYDƏR ƏLIYEVDIR

1988-ci ilin noyabr ayında erməniləin Qarabağın Topxana meşəsində bir neçə ağacı kəsmələrilə əlaqədar, onların bu özbaşınalıq əməllərinə etiraz əlaməti olaraq Bakıda 100 mindən artıq adam ayağa qalxıb, Azadlıq meydanına dolmişdu. Bu mərhələdə, 26 noyabr 1988-ci ildə mən də həbs yerlərindən azad olunub, xalq hərəkatına qoşuldum. O vaxtdan hadisələrin içindəyəm. Vətənin müdafiəsi üçün xalq özü ayağa qalxmışdı. Xalqı öz məqsədinə çatdırmaq üçün aparıcı bir təşkilatın yaranması labüd idi ki, o da Azərbaycan Xalq Cəbhəsi (AXC) oldu. Etiraf etmək lazımdır ki, əgər Qarabağ məsələsi ilə bağlı və Ermənistan ərazisində yaşayan azərbaycanlıların öz doğma vətənlərindən, ata-baba yurdlarından kütləvi olaraq vəhşicəsinə çıxarılmasıyla əlaqədar xalq özü erməni təcavüzünə qarşı ayağa qalxıb birləşməsəydi, onda kimliyindən asılı olmayaraq, heç bir adam o vaxt Azərbaycanda belə böyük nüfuza malik bir təşkilat yarada bilməzdi. Çox təəssüflər olsun ki, AXC təşkilatı 1989-cu ilin iyul ayının 16-na kimi, yəni Əbülfəz Əliyev AXC-yə sədr seçilənə kimi həqiqətən də xalqın cəbhəsi oldu. Sonra isə AXC Heydər Əliyevin təkrarən hakimiyyətə gətirilməsi istiqamətində fəaliyyətini davam etdirdi. Xalqın əsas dərdi – Qarabağ məsələsi və Ermənistandan azərbaycanlıların çıxarılmasının qarşısının alınması məsələsi arxa plana keçdi. Ola bilsin ki, bu acı həqiqətlər barədə məlumat verdiyim üçün müəyyən adamlar məndən incisin və narazı qalsın. Bildirirəm ki, mənim heç bir adamla qərəzçiliyim yoxdur. Lakin belə hesab edirəm ki, tarixi kiminsə xeyrinə saxtalaşdırmaq və əfsanəvi qəhrəman yaratmaq da cinayətdir.

Hazırda xalq arasında və hətta mətbuatda da bəzən məlumatlar yayılır ki, guya AXC-nin yaradıcısı Əbülfəz Əliyev olmuşdur. Axı, belə deyil. AXC-nin yaradıcısı Zərdüşt Əlizadə, Leyla Yunus, Tofiq Qasımov, Canbaxış Ümidov, Hikmət Hacızadə, Mirbaba Babayev və başqaları olmuşlar. AXC-nin proqram və nizamnaməsinin ilk layihəsini də Z.Əlizadə ilə L.Yunus yazmışlar. Sonralar isə AXC-yə Əbülfəz Əliyevin rəhbərlik etdiyi «Varlıq» cəmiyyəti birləşmişdi. AXC-nin təşkilatlanması birinci Bakının Nəsimi rayonunda başlayıb və ona da rəhbərliyi şəxsən mən etmişəm. Sonra isə Nərimanov rayonunda başladı və bu təşkilatlanma Bakının bir neçə rayonunda getdikdən sonra, respublikanın rayonlarında da bu təşkilatlanma işi davam etdi.

AXC-nin təsis konfransı 16 iyul 1989-cu ildə keçirildi. Konfransın mandatlı nümayəndələrindən biri də mən olmuşam. Hökumət adamları konfransın keçirilməsinə mane olmaq istədilər. Elə bir vəziyyət yarandı ki, hətta qardaş qanı da tökülə bilərdi. Ona görə də konfransın gündəliyində duran əsas məsələni – idarə heyəti və sədr seçilməsi məsələsini tezləşdirmək lazım idi. Sədr üçün birinci rəhmətlik Yusif Səmədoğlunun namizədliyi verildi. Bu vaxt Əbülfəz Əliyevin ətrafında oturan cavanlar hay-küy salıb, ikinci namizədin verilməsi məsələsini qaldırdılar. Ikinci Ə.Əliyevin namizədliyi verilən kimi həmin adamlar və zalda oturan ermənistanlı və naxçıvanlılar hay-küylə sürəkli əl çaldılar. Belə hərəkət mədəni bir adam olan rəhmətlik Yusif Səmədoğluna toxundu. O dedi ki, mən namizədliyimi geri götürürəm. Qarışıqlıq düşdü. Kimsə yerindən dedi: «Ay kişilər, sədr bir il müddətinə seçilir. Onun öz adından danışmaq səlahiyyəti yoxdur. Bu adam əlaqəçi rolunu oynmayacaq. Cəbhənin çıxardığı qərarları lazımi instansiyalara çatdıracaq və oradan da bizə cavab gətirəcək. Ona görə də 1-ci bu əlaqəçinin xarici görünüşü, 2-ci danışıq qabiliyyəti, 3-cü isə öz başında bir şey olmalıdır. Bunların heç biri bu adamda (O, Əbülfəz Əliyevə işarə etdi.) yoxdur.» Bu sözdən sonra hay-küy, qarma-qarışıqlıq bir qədər də artdı. Aranı sakitləşdirmək üçün qərara gəlindi ki, təcili səsvermə keçirilsin. Belə bir şəraitdə Əbülfəz Əliyev AXC-yə sədr seçildi.

Əbülfəz Əliyevin AXC-yə qeyri-demokratik yolla, zoraklılıqla sədr seçildiyi, o vaxtkı Xalq Hərakatının fəallarının öz etirafları ilə də təsdiqlənir. Belə ki, o vaxt «Meydan» hərakatı dövründə Müdafiə Komitəsinin sədri olmuş, hazırda respublikada cırtdan partiyalardan biri – Demokratik Azərbaycan Dünyası Partiyasının sədri olan Məmməd Əlizadə «Xural» qəzetinin redaksiyasında keçirilən dəyirmi masada o vaxtkı AXC Idarə Heyətinin üzvü Pənah Hüseynovla (sonradan Hüseyn) debatda etiraf edib demişdir: «Azərbaycan Xal Cəbhəsinin ilk konransı – Təsis Konfransı hazırlananda, yəni iyulun 16-da mən, Nurəddin, Məhyəddin və digər 10-15 nəfər danışdıq ki, AXC-nin artıq konfransı keçirilir, bülletenlər paylanıb. Məlumat aldıq ki, Əbülfəz Elçibəy deyil, müəyyən adamların marağı çərçivəsində Yusif Səmədoğlu Xalq Cəbhəsinin sədri vəzifəsinə seçiləcək. Mən Müdafiə Komitəsinin müavinlərinə (Sonradan M.Əlizadə bildirir ki, Nurəddin Ismayılova, Məhyəddinə və digərlərinə – N.A.) dedim ki, 100 nəfərə yaxın yoldaşlardan götürürsünüz. Nə edirsinizsə edin, elə edin ki, Əbülfəz Elçibəy sədr seçilsin.» («Xural», 8-14 noyabr 2009-cu il, № 42)

Ə.Əliyev AXC-yə sədr seçiləndən sonra öz şəxsi karyerasına görə, özünə münəsib siyasətdən uzaq, qaraguruhçu adamları öz ətrafında toplayıb, onların köməyilə ziyalıları AXC-dən uzaqlasşdırmağa başladı və AXC-ni yuxarıdan regionçuluq prinsipinə əsasən, Heydər Əliyevi təkrarən hakimiyyətə gətirmək məqsədilə parçaladı. Elə bir vəziyyət yarandı ki, hətta Azadlıq meydanında keçirilən mitinqlər zamanı idarə heyətinin bir dəstəsi o birilərini tribunaya buraxmamaq üçün yumruq davasına çıxırdı. Həmin vaxt məlumatlandım ki, Ə.Əliyev ardıcıl olaraq Heydər Əliyevlə əlaqə saxlayır. Bu işdə AXC nəzarət komissiyasının sədri Becan fərzəliyev əlaqəçi kimi iştirak edir. O, ardıcıl olaraq təyyarə ilə Moskvaya uçur. Azərbaycanda baş verən prosesləri Heydər Əliyevə çatdırır və Ə.Əliyevə çatdırmaq üçün ondan lazımi təlimat alır. Artıq AXC-ni Moskvadan Heydər Əliyev idarə edir. Aydın oldu ki, xalq milli azadlıq uğrunda mübarizə aparır, AXC rəhbərliyi isə Heydər Əliyevi hakimiyyətə gətirmək üçün çalışır. Bu arada Naxçıvanda əksəriyyəti cəbhəçilərdən ibarət bir qrup adam küçələrə çıxıb, Muxtar Respubliklanın KP və Ali Sovetinə gedib, hay-küylə «Qaytarın bizə Əliyevi!» şüarı səsləndirməyə başladılar. Sonra 1990-cı ilin əvvəlində Ayaz Mütəllibov Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra Naxçıvana gedib partiya-təsərrüfat fəallarının yığıncağında çıxış edərkən, naxçıvanlılar ona «Heydər Əliyevin XXVlll qurultaya nümayəndə seçilməsinə münasdibətiniz necədir?» sualı ilə müracviət edirlər. A.Mütəllibov da müsbət cavab verir. Şübhəsiz ki, Heydər Əliyevi tələb edən adamların damağından 70-80-ci illərin şirəsi getməmişdi. Onlar yaxşı bilirdi ki, Əliyevi qaytarmaq, «əliyevçiliyi» – Əliyev tayfabazlığını, Əliyev yerlipərəstliyini, Əliyev özbaşınalığını, Əliyev qorxu xofunu qaytarmaqdır.

O dövrdə respublikada milli cumhuriyyətimizin cəmi iki ədəd üç metr böyüklükdə bayrağı vardı ki, Bakıda və Sumqayıtda mitinqlər həmin bayraqlar altında keçirilirdi. Bu iki bayrağı da mən düzəltmişdim. Əbülfəz Əliyevin AXC-ni yuxarıdan parçalamaq əməlinə etiraz əlaməti olaraq, qərara gəldim ona bildirim, bu bayraqları mən düzəltmişəm ki, xalq bunların altında birləşib, bir hədəfə vursun. O, AXC-ni məkrli məqsədlə yuxarıdan parçaladığı üçün, onun bu bayraqlar altında çıxış etməyə mənəvi haqqı yoxdur. Ə.Əliyevin mühafizə dəstəsi – «qoçuları» ona yaxınlaşmağa imkan vermədi. Ona görə də sözümü Ə.Əliyevə çatdırmaq üçün onlara dedim və bayraqları da götürüb AXC-dən çıxdım. Bir ay yarım Azadlıq meydanında mitinqlər bayraqsız keçdi. Sonra AXC özünə bir metr yarım böyüklükdə bir bayraq düzəltdi və Azadlıq meydanında bu bayraq altında mitinq keçirilməyə başladı.

Sonra mən fəaliyyətimi sədri Məhəmməd Hatəmi olan Milli Qurtuluş Təşkilatında (MQT) davam etdirdim. Mərkəzi Özəyin üzvü seçildim. Təşkilati işə baxaraq, 1989-cu ildə Bakının idarə və müəssisələrində işləyən ermənilərin tutduqları vəzifələrindən azad edilib, Azərbaycandan çıxmaları üçün idarə və müəssisələrin qarşısında keçirilən piket və mitinqlərin təşkilatçısı oldum və bu barədə bütün idarə müəssisələrə verilən tələbnamələr də şəxsən mənim əlimlə yazılmışdır. Keçirdiyimiz piket və mitinqlərdə ziyalılar əksəriyyət təşkil edirdi. Baxmayaraq ki, Azərbaycan xalqının böyük oğlu, xalq şairi Xəlil Rza Uluitürk MQT üzvü deyildi, lakin o da bizim keçirdiyimiz piket və mitinqlərin ən fəal iştirakçılarından biri idi. Hətta Azərbaycanın tarixində DTK qarşısında cəmi bir dəfə piket və mitinq keçirilmişdir ki, onun da təşkilatçısı 1989-cu ilşin dekabr ayında mən olmuşam və Azərbaycanın Təhlükəsizlik Komitəsində yüksək vəzifələrdə işləyən 12 erməninin tutduqları vəzifələrindən azad edilib, Azərbaycanı tərk etmələrinə nail olmuşuq.

Bütün dünyada qəbul olunmuş bu cür sivil yolla ermənilərin Bakıdan çıxarılması Moskvanı qane etmirdi. MQT heç bir erməninin burnunu belə qanatmadan, erməniləri bu cür sivil yolla Azərbaycandan çıxardığı bir halda, Moskvadan Heydər Əliyev tərəfindən idarə olunan AXC rəhbərliyi – şəxsən Ə.Əliyev bizi ekstremist adlandırırdı. Hətta AXC MQT-nin bu sivil fəaliyyətinə öz etirazını rəsmi şəkildə bildirib, «Azadlıq» qəzetində (30 dekabr 1989-cu il, № 3) dərc etdirməklə belə bir bəyanat da vermişdi:

«AZƏRBAYCAN XALQ CƏBHƏSININ

BƏYANATI

Son günlər Bakı şəhərində baş verən xoşagəlməz hadisələr AXC-nin müvəqqəti təşkilat komitəsini və AXC rayon şöbələri idarə heyətlərini narahat edir. Bir qrup adam AXC-nin adından və üçrəngli bayrağından istifadə edərək, xalqımızn milli xüsusiyyətlərinə zidd olan, demokratik hərəkatla bir araya sığmayan qeyri-humanist hərəkətlərə yol verirlər.

AXC-nin müvəqqəti təşkilat komitəsi humanizmə, demokratik hərəkata uyğun gəlməyən bütün hadisələri pisləyir və onların AXC ilə əlaqələrinin olmadığını bildirir.»

 Bəyanatdan göründüyü kimi, Ə.Əliyev Ermənistanda və Qarabağda ermənilərin azərbaycanlıların başına gətirdikləri vəhşiliklərə göz yumur, lakin bütün dünyada qəbul edilmiş sivil yolla ermənilərin Azərbaycandan çıxarılmasını Azərbaycan xalqının milli xüsusiyyətlərinə zidd olan, demokratik hərəkatla bir araya sığmayan qeyri-humanist hərəkət adlandırır. Çox müəmmalıdır?! AXC-nin heç vaxt üçrəngli bayrağı olmayıb. Bu, Azərbaycan Demokratik Cumhuriyyətinin bayrağıdır. Onları da şəxsən mən özüm düzəltmişdim. AXC-yə isə heç bir aidiyyəti yox idi. MQT keçirdiyi piket və mitinqlərində heç vaxt AXC adından istifadə etməmişdir. Bütün idarə və müəssisələrin qarşısında piket və mitinqlər MQT adından keçirilib və MQT adından da rəsmi tələbnaməni idarə və müəssisə rəhbərlərinə şəxsən mən təqdim etmişəm. Keçirdiyimiz piket və mitinqlərin hamısında, o cümlədən DTK-nın, respublika prokurorluğunun və Daxili Işlər Nazirliyinin qarşısında da bizim tələblər tam təmin olunmuşdur. Məsələn, hazırda Ədalət Partiyasının sədri olan Ilyas Ismayılov o vaxt respublikanın baş prokuroru idi. Respublika prokurorluğunun qarşısında keçirdiyimiz piket və mitinqdən sonra o, birinci müavini M.Babayevlə birlikdə bizi qəbul etdi. Müəyyən söhbətdən sonra tələbnaməni I.Ismayılova verdim. O da məsələnin icrasını M.Babayevə həvalə etdi. Səhəri gün M.Babayevin yanına getdim. Tələblərimiz tam təmin olundu, ermənilərin hamısı öz ərizələriilə işdən azad olundular. Həmçinin, DTK-nın qarşısında keçirdiyimiz piket və mitinq zamanı DTK sədrinin birinci müavini Ilhüseyn Nüseynov başda olmaqla 6 nəfərdən ibarət nümayəndə bizi qəbul etdi. Müəyyən söhbətdən sonra tələbnaməni I.Hüseynova verdim. O dedi, bizim sistem zavod-fabrik deyildir ki, təcili əmr verib erməniləri işdən azad edək. Biz sistemik, Moskvaya tabeyik. Gərək biz sizin tələbnamənizlə bağlı ermənilərin başqa respublikalara keçirilməsi barədə Moskvaya tədimat göndərək. Moskva da onları başqa respublikalara keçirsin. Bu məsələnin həlli üçün bir aya qədər vaxt lazımdır. Onlar mənim ev ünvanımı və telefonumu yazdılar. Söz verdilər ki, məsələ həll olunan kimi məni xəbərdar edəcəklər. Iki həftədən sonra DTK-dan mənə telefon edib xəbər verdilər ki, tələbiniz tam təmin olundu. Moskva tərəfindən ermənilərin hamısı başqa respublikalara keçirildi. Biz də başqa kanalla öyrəndik ki, həqiqətən də ermənilərin hamısı Azərbaycan DTK-dan başqa respublikalara keçirildi.

O dövrdə AXC rəhbərliyi şəxsən Əbülfəz Əliyev, eynilə Moskva kimi ermənilərin Bakıdan çıxarılmasının əleyhinə idi. Bu bəyanatı təhlil edib, belə nəticəyə gəldik ki, AXC rəhbərliyi, şəxsən Əbülfəz Əliyev hansısa bir təxribatın törədiləcəyindən xəbərdardır və istəyirlər bu təxribatın məsuliyyəti Milli Qurtuluş Təşkilatının üzərinə düşsün ki, erməniləri Azərbaycandan çıxardığımız üçün bizə qarşı cəza tədbiri görülsün. Bunu nəzərə alıb, bu bəyanatdan sonra MQT Bakının idarə və müəssisələrində işləyən ermənilərin tutduqları vəzifələrindən azad edilib, Azərbaycandan çıxarılmaları barədə keçirdiyi piket və mitinqlərə son qoydu.

Ermənilərin AXC rəhbərliyi tərəfindən müdafiə olunması isə ifrat dərəcəyə çatdı. Hətta iş o mərhələyə gəlib çatdı ki, Əbülfəz Əliyevin tapşırığı ilə 1991-ci ilin aprelində AXC funksionerləri Pribaltikada erməni «Azadlıq hərəkatı»nın nümayəndələrilə görüşüb «Qarabağda aparılan əməliyyatlar zamanı yerli erməni sakinlərinin A.Mütəllibov tərəfindən hüquqlarının pozulnmasına dair» birgə bəyanat imzaladıLar.

AXC-nin yubileyi zamanı Əbülfəz Əliyev bəyan etdi ki, guya meydana gələn ilk bayrağı Gültəkin ana tikib. Bu münasibətlə ona hədiyyə də verdi. Bütün bunlar televiziya ilə translyasiya edillirdi. Bunu görən bacım Rəfiqə Əbülfəz Əliyevin hər şeyi çox yaxşı bilə-bilə, qəsdən respublika ictimaiyyəti qarşısında belə həyasızcasına yalan danışmasına həddən artıq əsəbləşdi və onu lənətlədi.

Bildirirəm ki, 1989-cu ildə Azadlıq meydanı hər tərəfdən qalın ciyə ilə bağlanmışdı. Meydana girməyin qarşısını almaq üçün hər iki-üç metrdən bir Sovet Ordusunun əsgərləri dayanmışdı. Həmin vaxt respublikada tanınmış yazıçı-publisist Sirus Təbrizlinin rəhbərliyi ilə 1000 nəfərə yaxın adam Nəriman Nərimanov adına kinoteatrın yaxınlığına toplaşıb, oradan Azadlıq meydanına yürüş etdik. Yoldan keçənlər də yürüşçülərə qoşulurdu. Meydana çatanda artıq yürüşçülərin sayı iki-üç dəfə artmışdı. Belə böyük bir qüvvənin meydana gəldiyini görən Sovet Ordusunun rəhbərliyi əsgərlərə göstəriş verdilər ki, yürüşçülərə müqavimət göstərməsinlər. Müəyyən adamlar tribunaya qalxdı və tələb etdilər ki, mikrofon verilsin. Bu vaxt Bakı Şəhər Partiya Komitüsinin birinci katibi Müslüm Məmmədov gəldi. O mitinqçilərdən xahiş etdi ki, «Spartak» stadionuna getsinlər. Orada mitinq keçirmək üçün mikrofon veriləcək. Onunla razılaşmayıb, mitinqimizi davam etdirdik və qərara gəldik ki, hər şənbə günü mitinq keçirilsin. Həmin vaxt mən də bir memar kimi qərara gəldim ki, meydanın əzəmətli görünməsi üçün və eyni zamanda da xalqı milli bayrağımız altında birləşdirib, bir hədəfə vurmaq üçün 3 (üç) metr böyüklükdə iki üçrəngli milli bayrağımızı düzəldim. Çətinliklə də olsa, məqsədimə nail oldum. Bir neçə dəfə Azadlıq meydanında bu bayraqlar altında mitinq keçirdikdən sonra, S.Təbrizli mitinq keçirmək üçün Azadlıq meydanını AXC-yə təhvil verdi. AXC-nin Bakıda və Sumqayıtda keçirdiyi mitinqlər mən düzəltdiyim bu iki milli bayrağımız altında keçirilirdi. Mən AXC-dən çıxıb, milli bayraqlarımızla birlikdə Muilli Qurtuluş Təşkilatına (MQT) keçdikdən bir ay yarım sonra AXC özünə bir metr yarım böyüklükdə bir milli bayrağımızı düzəltdi və bu bayraq altında mitinq keçirməyə başladı.

AXC-nin yubileyində Əbülfəz Əliyev ilk bayraq tikən adam kimi Gültəkin xanımı elan edəndən bir müddət sonra əslən Naxçıvandan olan Azər Kəngərli ilə rastlaşdım. Onu AXC-yə mən yazmışdım. O dedi ki, Nadir müəllim sizin yanınızda xəcalətliyəm. Soruşdum niyə? Dedi ki, Əbülfəz Əliyevin ilk bayraq tikən adam kimi təqdim etdiyi qadın Gültəkin ana mənim anamdır. Mən yaxşı bilirəm ki, mənim anamdan əvvəl iki üç metrlik milli bayraqlarımızı sənin bacın tikmişdir. Bunu «Bəy» özü belə etdi. Bizlik deyil.

Qeyd edirəm ki, o bayraqları mən şan-şöhrət qazanmaq və tarixə düşmək xatirinə yox, yeganə bir məqsədlə – xalqı o bayraqlar altında birləşdirib, bir hədəfə vurmaq məqsədilə düzəltmişdim. Əbülfəz Əliyevin yüksək tribunadan bilə-bilə, qəsdən tam yalan danışması və sonradan respublika televiziyalarında dəfələrlə Gültəkin ananın ilk bayraq tikən adam kimi təqdim olunması, məni bu barədə kitabın yeni nəşrində yazmağa vadar etdi. O vaxt bu bayraqların düzəldilməsində mənə yaxından kömək etmiş, hazırda «Bakinskiy raboçiy» qəzetində şöbə müdiri vəzifəsində işləyən Mehdi Abbasov «Aydınlıq» qəzetinin 7 oktyabr 1995-ci il 18 (240)-cı sayında «Bayraq xatirələri» başlıqlı yazısında bu barədə ətraflı məlumat vermişdir. Onu aşağıda verirəm.

This entry was posted in Fəlakətlərimizin baiskarı (II-ci kitab). Bookmark the permalink.

Comments are closed.